Populyar türk yazıçısı Ayfer Tunçun «Əziz bəy hadisəsi» romanı və digər hekayələri bizim kədərli dünyamızın reallıqlarını əks etdirən hekayətlərdir. Ədəbiyyatda, kinematoqrafiyada belə əsərlərə «həyati əsərlər» deyilir.
Müəllif heç nəyi uydurmur, lirik, epik ricətlərə yer vermir, fantaziya qanadlarında uçmur, real hadisələri real boyalarla canlandırır, sadəcə çoxlarının fikir vermədiyi detalları qabardır, çoxlarının görmədiyi məqamları tutur, yazır. Və bunlarla əsərə dad, duz, kolorit verir.
«Əziz bəy hadisəsi» romanı o cür əsərlərdəndir. Əsər gənc musiqiçi Əzizin bir nazlı-qəmzəli erməni qızının sevdasına düşərək ana vətənini tərk edib Beyruta yerləşən, üç gün vüsal şirinliyi dadıb, altı ay boyunca iztirab çəkən Əzizin kədərli həyatından bəhs edir.
Müəllif Əziz bəyin faciəsini oxunaqlı bir dillə təsvir edir.
Ümumiyyətlə, Ayfer Tunçun digər əsərlərində də kiçik adamların böyük faciləri, eləcə də adekvat kədərləri qələmə alınır.
«Qar yolçusu» əsərində sevginin manyaka çevirdiyi insanın eşqindən və faciəsindən söhbət gedirsə, «Mikayılın ürəyi dayandı» novellasında dəli bir sevdanın, qısqanclığın sonda Məcnuna çevirdiyi Mikayılın ürəyini necə dayandırdığı təsvir olunur.
Müəllifin dili şirin və kədərlidir, hekayətləri orijinaldır və gerçəkdən də insanı ağıl-kamala, eyni zamanda saflığa çağırır.