– O nihilistdir.
Nikolay Petroviç soruşdu.
– Necə?
–Pavel Petroviç çörəyə yaxmaq üçün tiyəsinə yağ götürdüyü bıçaq əlindəcə donub hərəkətsiz qaldı.
– O nihilistdir, – Arkadi təkrar etdi.
– Nihilist, – Nikolay Petroviç dilləndi.
– Bu, latınca nihil sözündəndir, mənası da, mənim anladığıma görə, heç nə deməkdir. Deməli, nihilist sözü heç bir şey tanımayan, qəbul etməyən adam deməkdir.
– Elə demə, de ki, heç bir şeyə hörmət etməyən adam... – deyə Pavel Petroviç onun sözünü tamamladı və təzədən yağ götürməyə başladı.
– Hər bir şeyə tənqidi nöqteyi-nəzərlə yanaşan adam, – deyə Arkadi düzəliş etdi.
Pavel Petroviç soruşdu:
– Bu, eyni şey deyilmi?
– Xeyr, eyni şey deyil. Nihilist elə bir adama deyirlər ki, o, heç bir avtoritetə baş əymir, hər hansı bir prinsip nə qədər böyük bir ehtiram qazanmış olsa belə, heç bir prinsipi bir etiqad kimi qəbul etmir.
– Yəni bu yaxşı işdir ki? – deyə Pavel Petroviç onun sözünü kəsdi.
– Əmican, o, adamına baxır. Kimi üçün yaxşıdır, kimi üçün pis.
– Belə de. Hə, mən görürəm ki, bu, bizim işimiz deyil. Biz köhnə əsrin adamlarıyıq, güman edirik ki, adamın, sən demişkən, bir etiqad kimi qəbul edilmiş prinsipi olmasa, bir addım ata bilməz, hətta nəfəs ala bilməz (Pavel Petroviç «prinsip» sözünü fransız üslubu ilə, yumşaqca deyirdi, Arkadi isə «prinsip» deyərək, əksinə, vurğunu ilk hecaya salırdı). Vous avez change tout cela8 Allah sizə cansağlığı və general mənsəbi əta etsin, biz də sizə baxıb fərəhlənək, cənab... necə deyirdin...