Yaşlı bir adam təqaüddə olduğu illəri sakitliklə keçirmək ümidiylə balaca bir ev almışdı. Evində yaşamağa başladığı ilk günlər çox xoşbəxt idi.
Elə bu ərəfədə bir gün xeyli uşağın səs-küyünə oyandı. O gün yeni evinin yanında bir məktəb olduğunu və yeni dərs ilinin başladığını anladı!
Şagirdlər küçədən zibil qutularını təpikləyə-təpikləyə, qışqıraraq mahnı oxuya-oxuya keçir və dözülməz səs-küy yaradırdılar.
Bir gün yaşlı adam onları yanına çağırdı və dedi: “Uşaqlar, sizləri çox istəyirəm, çünki siz mənə gəncliyimi xatırladırsınız, bu sevincli əhvali-ruhiyyənizi heç nəyə baxmayaraq davam etdirin!”
Uşaqlar çox təəccübləndilər.
Qoca onlara maraqlı bir təklif etdi: “Əgər hər gün belə səs-küy yaradaraq buradan keçsəniz, sizə gündəlik on dollar verəcəm!”
Uşaqların yaşlı adamın bu təklifindən çox xoşları gəldi. Onlar hər gün daha çox səs-küy yaradaraq küçədən keçməyə davam etdilər.
Qoca da söz verdiyi kimi uşaqların pulunu verirdi.
Sonra bir gün yaşlı adam: “Uşaqlar, inflyasiya məni iflasa düçar etdi, ona görə də bundan sonra sizə gündə ancaq beş dollar verə biləcəm”, – dedi.
Uşaqların kefi pozuldu, amma yenə də səs-küy yaratmağa davam etdilər. Qoca da onlara hər gün pul ödədi.
Bir neçə gün sonra yaşlı adam: “Məni bağışlayın, uşaqlar, – dedi, – əməkhaqqımı almamışam, ona görə də bundan sonra sizə gündə ancaq bir dollar ödəyə biləcəm!”
Uşaqlar onun bu sözlərinə çox əsəbiləşdilər, “Biz bunu edə bilmərik, – dedilər, – sizin verdiyiniz pulla bu işi heç vaxt edə bilmərik!”
Beləliklə, uşaqlar hər gün küçədən səs-küylə keçməyi tərgitdilər!..