Bu dünyada hər bir insanın öz hekayəsi var. Bəzilərininki ağrılı-acılı, digərlərininki isə şad-xürrəm. Bəzilərininki qısa, bəzilərininki uzun… Bəzilərininki həyəcanlı, bəzilərininki anlamsız. Bəzilərininki qürurverici, bəzilərininki utancverici. Bəzilərinin hekayəsi isə heç oxunmur. O uşaqlar həyatlarındakı qara günləri, illəri silmək üçün hekayələrini anlatmaq istəməz. Bütün uşaqların həyatı rəngli şəkillərdə gördüyümüz tablo kimi xoşbəxt, firavan keçmir. O balaca qəlblərində gücləri çatmayacağı qədər yük daşıdılar. Onlara hər kəs baxdı, amma çoxları gözlərindəki yaşı, səssiz fəryadı görmədi. Sevgi və mərhəmətlə, içdən gələn səmimi duyğularla onlara baxılanda isə qəlblərinə günəş doğurdu və onları isidirdi. Onlar uşaq idi, uşaq… Həyatlarına bir deyil, on adamın hekayəsini sığdıran vaxtından tez böyümüş uşaqlar… Bu da müharibə görmüş uşaqların hekayələridir.