elə bilirdi, baron arxasınca düşəcək, onu tutmağa çalışacaq, ancaq eyni zamanda, elə onun əlindən qopan anda hiss etdi ki, baron bunu eləmədi və... təəssüfləndi... Bəlkə də həmin anda illər uzunu qeyri-ixtiyari həsrətində olduğu hadisə – o ehtiras dolu məhəbbət macərası baş verə bilərdi. O hadisə ki, həmişə son anda adi bir sərgüzəşt, ötəri bir əyləncə deyil, çox qorxulu, təhlükəli olduğunu hiss edərək ondan uzaq qaçmışdı. Ancaq baron məğrur adam idi, yaranmış vəziyyətdən sui-istifadə etməzdi. Qələbəsinə əmin idi, ona görə də alçaqlıq eləyib belə zəiflədiyi, şərabdan məst olduğu zamanda qadına yaxınlaşmazdı, əksinə, mahir oyunçular kimi mübarizə aparmaq həvəsində idi: qoy qadın öz istəyilə gəlib onun olsun! Onun titim-titim titrədiyini hiss etmişdi və bu o demək idi ki, verdiyi zəhər artıq qanına işləyib.