Köpək isə darvazanın dalında qaldı, eybəcər hala düşmüş böyrünün ağrısından zingildəyərək soyuq divara qısıldı, nəfəsi qaraldı və qəti qərara gəldi ki, bir də buradan heç yerə getməyəcək, elə buradaca darvazanın dalında can verəcək. O, ümidsizlik içində yerə sərildi. Yazıq qəlbində o qədər ağrı-acı, o qədər tənhalıq və dəhşət hiss edirdi ki, onun it gözlərindən xırda göz yaşları sızanaq kimi çıxır, dərhal da quruyurdu. Onun dəridən çıxmış böyrü donmuş yun əlçimləri kimi sallanır, onların arasından isə pörşələnmiş ət parçaları qan ləkələri kimi qızarırdı. Aşpazlar nə qədər də rəhmsiz, küt və sərt adamlardır.