Bütün Avropanı sarsıtmış, ən çox da Almaniya və Rusiyanı viran qoymuş II Dünya müharibəsindən sonrakı cəmiyyətin fonunda, əsərin qəhrəmanı Valter Fendrixə uşaqlığı, gəncliyi, qocalığı, yaxud dünəni, bu günü, sabahı — ümumiyyətlə, bütün həyatı və mənəvi dünyası məhv olmuş minlərlə, milyonlarla insanın ümumiləşdirilmiş surəti kimi baxmaq daha düzgün olar. O, müharibədən fiziki mənada salamat qurtulmuş, lakin mənəvi dünyası müharibənin fəlakətləri ilə damğalanmış və bu damğanı bütün həyatı boyu daşımağa məruz qalmış, buna məhkum edilmiş bir fədaidir.
Haynrix Böllün «O illərin çörəyi» əsərinin qəhrəmanı Valter hətta maddi və həyati imkanları düzələndən sonra da cibində çörək gəzdirir, dostu Volfdan oğurladığı pulları qaytarmaq istəyir, atasının kitablarını satıb bir buxanka çörək aldığı günləri xatırlayır, sevgilisi Ulla bir parça çörək üçün üzü sızanaqlı qızın başına fırlanmasını yadına salır, onun, siqaret almaq üçün elektrik peçlərini satdığını hamı bilir və beləliklə, sanki müharibə dövrünün sıxıntısı onu dinclik dövründə də qarabaqara izləyir.