Bir-birinin dalınca bizim hüquqlarımızı məhdudlaşdıran qanunlar qəbul edilirdi. Yəhudilər sarı ulduz nişanı taxmalıydılar, velosipedlərini təhvil verməliydilər, tramvaya, hətta şəxsi avtomobillərinə belə minə bilməzdilər. Yəhudilər dükanlara yalnız saat üçdən beşə qədər girməli idilər və istisnasız olaraq yalnız yəhudi bərbərlərin xidmətindən istifadə edə bilərdilər. Yəhudilər axşam saat səkkizdən səhər altıya qədər küçədə görünə bilməzdilər. Onların teatr, kino və bu kimi digər yerlərə, həmçinin hovuz, idman zallarına, avarçəkməyə getməyi, ümumiyyətlə, ictimai yerdə istənilən idman növüylə məşğul olmağı qadağanıydı. Axşam saat səkkizdən sonra yəhudilər şəxsi və ya tanışlarının bağlarında otura bilməzdilər. Xaçpərəstlərə qonaq gedə bilməzdilər. Yalnız yəhudi məktəblərində oxumağa icazə verilirdi. Beləcə, yeni qadağaları gözləyə-gözləyə yaşayırdıq. Cekki deyirdi: “Ağlımdan nəsə keçirməyə qorxuram, birdən bu da qadağan olar?