Bir şəhərdə, yaxşı olar ki, bir çox səbəblərə görə, heç adını çəkməyək və mən özüm də ona heç bir uydurma ad verməyəcəyəm, ictimai binaların arasında, böyük və kiçik şəhərlərin, demək olar ki, hamısında çoxdan bəri təsadüf olunan bir bina var, bura – yurdsuzlar evidir6. Adı həmin bu birinci fəslin əvvəlində çəkilən adam da bu yurdsuzlar evində doğulmuşdur, – mən daha burada onun hansı tarixdə, hansı gündə doğulduğunu göstərmək üçün özümə əziyyət vermirəm, çünki oxucu üçün, özü də əhvalatın hələ bu başlanğıc mərhələsində, bunların heç bir əhəmiyyəti yoxdur.
Məhəllə həkimi uşağı tutub bu ələm və kədər dünyasına varid edəndə, uşağın, ümumiyyətlə, sağ qalıb-qalmayacağı uzun müddət şübhəli görünürdü, heç ağla batmırdı ki, yaşaya bilər və ona da bir ad tapıb qoyarlar; əgər uşaq o yanlıq olsaydı, yəqin ki, onun haqqında yazılmış bu xatirələr də heç bir zaman işıq üzü görməzdi, yox, əgər işıq üzü görsəydi də, iki-üç səhifədən çox olmazdı və elə bu gözəl keyfiyyətinə görə də hər hansı bir əsrin və ölkənin ədəbiyyatında mövcud olan bütün tərcümeyi-halların hamısından daha qısa və həqiqi bir tərcümeyi-hal nümunəsi olardı (Məhəllə həkimi7).