Bir professor nəql edirdi ki, Suraxanıda mədən müdiri idim. Gündüz saat üçdə çıxıb gəlirdim şəhərə. Çox vaxt klubda əylənərdim, arabir qumar da oynayardım. Bir dəfə üstümdə olan pulu uduzdum, çıxıb mindim faytona, getdim mədənə, seyfdən pul götürüm. Kontora çatanda axşam düşmüşdü.
Qaranlıq idi. Pulu götürdüm. Telefon zəng çaldı. Dəstəyi qaldırdım, danışan xozeyin idi. Təəccüblə xəbər aldı ki, axşam vaxtı orda neynirsən? Deyə bilməzdim ki, qumar oynamağa pul üçün gəlmişəm; cavab verdim ki, güclü neft verən bir quyu şıltaqlıq edirdi, onu sahmana salırdım, işi qurtarıb şəhərə qayıdıram. Sabahı gün bütün qəzetlərdə xəbər yazılmışdı ki, işgüzar, namuslu mühəndis axşama qədər mədəndə qalıb, aldığı əmək haqqını doğruldur.
Xozeyin də mənə bir aylıq əlavə maaş verdi.