Canavar ailəsi cəngəlliyə düşmüş balaca Mauqlini qəddar Şirxanın əlindən xilas edib böyütməyə başladı. Oğlan çox cəsarətli idi, həmişə canavarların balaları ilə oynayırdı. Bir gün Şirxan onu görməyə gəlib: “Bu mənim ovumdur!” — dedi və hər şey də elə bundan sonra başladı…
Mauqli cəngəllikdə bir-birindən təhlükəli macəralarla üzləşirdi: gah meymunlar onu əsir götürürdü, gah vəhşi itlərlə döyüşməli olurdu, amma onun ən əsas düşməni Şirxan idi.
Oğlan sadiq dostları — məzəli Balu, müdrik Ka və tədbirli Bahirənin, özünə ailə hesab etdiyi canavar dəstəsinin köməyilə bütün çətinlikləri dəf edirdi.
Redyard Kiplinq (1865–1936) ədəbiyyat üzrə Nobel mükafatı almış ilk ingilisdir. Artıq yüz ildən çoxdur ki, dünyanın bir çox ölkələrinin uşaqları onun “Balinanın boğazı nə üçün dardır”, “Dəvənin belindəki donqarı — hürgücü necə əmələ gəlib”, “Kərgədanın dərisi niyə kələ-kötürdür”, “Özbaşına gəzən pişik”, “Rikki-tiki-tavi” və s. belə şən və maraqlı nağıllarını oxuyur. R.Kiplinqin ən maraqlı nağıllarından biri də Hindistan cəngəlliklərindən bəhs edən “Mauqli” əsəridir. Əsər ilk dəfə 1893-cü ildə çap olunub.