Bir tacir xoşbəxtliyin sirrini öyrənmək üçün oğlunu müdriklər müdrikinin yanına göndərir. Oğlan qırx gün yol gedib dağın zirvəsindəki gözəl bir qalaya çatır. Onun axtardığı Müdrik elə burada yaşayırdı.
Düşünülənin əksinə olaraq, qala Müdrikin tənha yaşadığı məskən deyildi, camaatla dolu idi: tacirlər öz mallarını təklif edir, insanlar bir küncə çəkilib söhbətləşir, kiçik orkestr incə musiqi çalırdı, zalın ortasında isə bu yerlərin ən incə və gözəl nemətləri ilə bəzədilmiş stol qoyulmuşdu. Müdrik bütün qonaqlarına baş çəkirdi. Oğlan iki saat öz növbəsini gözləməli oldu.
Nəhayət, Müdrik onu dinlədi, amma xoşbəxtliyin sirrini izah etmək üçün indi vaxtının olmadığını söylədi. Qoy, oğlan qalanı gəzsin və iki saatdan sonra bu zala qayıtsın.
«Mənim səndən bir xahişim də var, – o, içində iki damcı yağ olan çay qaşığını oğlana uzatdı. – Bu qaşığı özünlə götür və yağı dağıtma».
Oğlan gözlərini qaşıqdan çəkmədən saray pilləkənləri ilə qalxıb düşdü, iki saatdan sonra isə Müdrikin qarşısında dayandı.
«Hə, – o dilləndi. – Yemək zalındakı fars xalçaları, ən mahir ustaların on il boyunca yaratdığı bağ, kitabxanamdakı qədim perqamentlər xoşuna gəldimi?»
Utancaq gənc heç nə görmədiyini etiraf etdi, çünki bütün diqqətini iki damcı yağa cəmləmişdi.
«Geri dön və mənim sarayımın bütün gözəlliklərinə bax, – Müdrik dedi. – Harada və necə yaşadığını bilmədiyin insana etibar etmək olmaz».
Oğlan qaşığı götürüb yenə qala keçidlərinə doğru irəlilədi. Bu dəfə başaşağı gəzmirdi, otaqları bəzəyən bütün sənət əsərlərinə, nadir əşyalara baxırdı. O, bağları və qalanı əhatələyən dağları seyr etdi, gül-çiçəyin gözəlliyinə, rəsmlərə və heykəllərə tamaşa etdi. Müdrikin yanına qayıtdıqda gördüklərinin hamısını ətraflı şəkildə ona danışdı.
«Bəs, iki damcı yağ hanı, axı mən sənə onu dağıtmamağı tapşırmışdım.» – Müdrik soruşdu.
Bu vaxt oğlan qaşıqdakı yağı dağıtdığının fərqinə vardı.
«Bax, bu mənim sənə verə biləcəyim yeganə məsləhətdir, – müdriklərin müdriki ona söylədi. – Xoşbəxtliyin sirri ondadır ki, dünyanın möcüzələrini və gözəlliklərini görə biləsən və bu zaman çay qaşığındakı iki damcı yağı unutmayasan».