Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyim, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq. Amma dayan. Bir stop elə. “Axı niyə?” deyə bir sual verdikdə, yaxud insanlardan kənar bir mühitdə güzgüdə öz əksimizlə üz-üzə qaldıqda və gözlərimizin içinə baxdıqda “Mən doğrudan da buyam? Mən uçuruma doğru gedirəm” deyirik özümüzə və uğrunda çapaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq...
Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə, alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik. Axı hər birimiz ayrılıqda bir Eynşteynik.
Nədənsə bu sətir mənə təsir etdi.